
Slovakiya müxalifəti Baş nazir Robert Fitsonu dövlətə xəyanətdə ittiham edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Slovakiya parlamentində təmsil olunan müxalif “Sloboda a Solidarita” (SaS) partiyasının rəhbəri Branislav Qrolinq “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, cinayət işi SaS partiyası tərəfindən qaldırılıb.
Partiya Fitsonu digər cinayətlər də daxil olmaqla, “Drujba” neft kəmərinin bağlanması ilə əlaqədar Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmaq qərarına görə dövlətə xəyanətdə, həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.
Partiya iddia edir ki, bu qərar Slovakiyanın maraqlarına zərər verir və sabotaj hesab edilə bilər.
Slovakiya polisi bu şikayətlə bağlı araşdırmaya başlayıb.
İş Bratislava Regional Prokurorluğuna təhvil verilib.
Müxalifətin tələbinə ölkə tarixində ilk dəfə 13 mindən çox vətəndaş qoşulub.
Qeyd edək ki, Rusiya neftinin Macarıstan və Slovakiyaya “Drujba” boru kəməri ilə çatdırılması yanvar ayının sonundan dayandırılıb. Fevral ayında isə Fitso, Ukraynanın Drujba boru kəməri vasitəsilə respublikaya neft təchizatını dayandırmasına cavab olaraq, bu ölkəyə elektrik yardımını dayandırdığını elan edib. Kiyev iddia edir ki, boru kəməri Rusiyanın Ukraynanın qərbindəki boru kəməri avadanlıqlarına endirdiyi zərbə nəticəsində zədələnib. Slovakiya və Macarıstan isə gecikmələrə görə Ukrayna tərəfini günahlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz