
Məlum olduğu kimi, 2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli qurumların keçirdiyi rəy sorğuları ölkədəki siyasi mənzərənin ciddi şəkildə dəyişdiyini göstərir.
Qeyd edək ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2026-cı ilin fevralında keçirdiyi genişmiqyaslı sorğuya əsasən, seçicilərin üstünlük verdiyi siyasi qüvvələr aşağıdakı kimi olub:
“Vətəndaş Müqaviləsi” (Nikol Paşinyan) – 29%
“Güclü Ermənistan” Partiyası (Samvel Karapetyan / Narek Karapetyan) – 9%
“Ermənistan” Alyansı (Robert Koçaryan) – 3%
“Şərəfim Var” Alyansı (Artur Vanetsyan) – 3%
Qərarsızlar və heç birini seçməyənlər – 55–60%
Sorğu göstərir ki, hazırkı baş nazir Nikol Paşinyan hələ də ən yüksək reytinqə malik olsa da, onun partiyası təkbaşına hökumət qurmaq üçün lazım olan səs çoxluğunu itirmək təhlükəsi ilə üz-üzədir. Digər tərəfdən, “köhnə qvardiya” sayılan Koçaryan və Sarkisyan tərəfdarlarının reytinqi kəskin şəkildə düşüb.
Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 2018-ci il “Məxməri inqilab”dan sonra hakimiyyətə gəlib. Hazırkı platforması Azərbaycanla sülh müqaviləsinin imzalanması, Qərblə (Aİ və ABŞ) yaxınlaşma və iqtisadi islahatlar üzərində qurulub. Dəstək bazası iyun 2021-ci il seçkilərindən bəri (54%) xeyli azalıb.
“Güclü Ermənistan” partiyası Rusiyada yaşayan, hazırda Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən qurulub. Partiyaya hazırda Narek Karapetyan rəhbərlik edir. Bu seçkilərin “sürpriz” gücü hesab olunur. Rusiya ilə iqtisadi əlaqələrin bərpasına, sosial rifahın yüksəldilməsinə fokuslanıb. Koçaryan və Sarkisyanın elektoratını özünə çəkməyi bacarıb.
Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” Alyansı millətçi və revanşist bəyanatları ilə tanınır. Rusiya ilə hərbi-siyasi ittifaqın tərəfdarıdır. Lakin son illərdə elektoratının böyük hissəsini yeni yaranan siyasi hərəkatlara itirib.
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdiyi “Şərəfim Var” Alyansının əsas dəstəkçisi sabiq prezident Serj Sarkisyan hesab olunur. Əsasən keçmiş Respublikaçılar Partiyasının tərəfdarlarından ibarətdir. Paşinyan hökumətini təhlükəsizlik sahəsindəki uğursuzluqlarda ittiham edir.
Tətbiqimizi yükləyə bilərsiniz