
Avropa Birliyi ilə Macarıstan arasında münasibətlər Ukraynaya hərbi yardım məsələsi fonunda daha da gərginləşib.
Yeniavaz.com “RMF24”ə istinadən xəbər verir ki, Avropa Komissiyası Budapeştə ayrılması nəzərdə tutulan 16 milyard avrodan çox kredit planının təsdiqini dondurub.
Məlumata görə, bu addım Avropa Birliyi daxilində Macarıstanın Ukraynaya 90 milyard avro həcmində hərbi yardım paketini bloklamasına cavab kimi qiymətləndirilir. Rəsmi açıqlamada Komissiya “qiymətləndirmənin davam etdiyini” və plan hazır olduqdan sonra təsdiqlənəcəyini bildirsə də, diplomatik mənbələr qərarın siyasi səbəblərlə bağlı olduğunu deyir.
Mənbələrin iddiasına görə, Macarıstanın Baş naziri Viktor Orban Aİ daxilində “sədaqət prinsipini pozmaqda” və Rusiya ilə müharibə aparan Ukraynanın maliyyələşdirilməsinə mane olmaqda ittiham olunur.
Bildirilir ki, Komissiya hələ fevralın əvvəlində Macarıstanın müraciətinə baxılmasını ölkədə keçiriləcək parlament seçkilərindən sonraya saxlamağı planlaşdırırdı. Lakin Orbanın 19 mart tarixli Aİ sammitində Ukraynaya kreditlə bağlı veto mövqeyini təsdiqləməsi Brüsseldə narazılığı artırıb və qərarın sərtləşməsinə səbəb olub.
Macarıstan tərəfi isə mövqeyini enerji təhlükəsizliyi ilə əsaslandırır. Budapeşt bildirir ki, Rusiyanın “Drujba” boru kəmərinə hücumdan sonra Ukrayna ərazisindən neft tranzitinin dayandırılması vəziyyəti dəyişib.
Orban martın 19-da açıqlamasında qeyd edib ki, Kiyev tranziti bərpa etməyincə Ukraynaya kredit dəstəyi məsələsi irəliləməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz