
Prezident İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verib.
Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.
Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.
Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.
“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlət başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verilib.
Bildirilib ki, yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.
Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.
Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.
Dövlət başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.



Tətbiqimizi yükləyə bilərsiniz