
İlk baxışdan sadə görünsə də, dərman qəbul etmək o qədər də sadə deyil. Hətta bəzi mütəxəssislərə görə, dərman qəbulu üçün kompleks mexanizmlər mövcuddur. Bundan əlavə, dərman qəbul edərkən konkret qaydalara riayət etmək lazımdır. Dərmanın təsirli olması üçün o, mədədə parçalanmalı və itikiyə məruz qalmadan qana qarışmalıdır.
Dərman qəbul edərkən ən azı yarım stəkan su içməlisiniz. Dərmanı oturmuş vəziyyətdə qəbul etmək lazımdır. Ancaq bu halda bədən dik olmalıdır. Bundan başqa, bir-iki dəqiqə bu vəziyyətdə qalmaqla dərmanın yemək borusuna yapışmadan mədəyə çatmasına nail ola bilərsiniz. Əgər dərman yemək borusuna yapışmışsa, onu bir tikə çörək və ya bir stəkan su ilə ötürməyə çalışın.
Elə dərmanlar var ki, onları udmaq çətin olur. Belə dərmanları ovaraq və ya suya qarışdıraraq içmək olar. Ancaq bunun üçün həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Çünki bəzi dərmanlar tədricən qana qarışmalıdırlar. Əks halda, həmin dərmanlar zəhərlənməyə gətirib çıxara bilər. Xüsusilə də, dərmanlar qoruyucu örtüyə malikdirsə, burada daha ehtiyatlı olmaq lazımdır.
Başqa ciddi bir məsələ isə dərmanın hansı vaxtda qəbul edilməsidir. Buna görə də, vaxt intervalına riayət etmək və dərmanı hər gün eyni vaxtda qəbul etmək lazımdır. Mütəxəssislərə görə, gündə 3 dəfə qəbul edilən dərmanları gün ərzində bərabər intervallarla qəbul etmək mümkün olduğu kimi, 24 saat ərzində də bərabər intervallarla qəbul etmək mümkündür. Bunun üçün əvvəlcədən həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Bəzi dərmanları ac qarına, bəzi dərmanları yeməklə bir yerdə, bəzi dərmanları isə tox qarına qəbul etdikdə daha təsirli olur.
Bəzi ərzaq məhsulları da dərmanın təsirinə “əks tərsir” göstərir. Məsələn, süd və süd məhsulları dərmanların sorulmasına və qana qarışmasına mane olur. Təbii ki, eyni şeyləri meyvə şirələri, çaylar və ya qəhvələr üçün də demək olar. Xüsusilə, kofeinli içkilər dərmanın təsirini gözlənilməz şəkildə dəyişdirə bilər ki, bu da çox təhlükəlidir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz