
Fars körfəzində artan hərbi gərginlik fonunda qlobal qaz bazarı ciddi qıtlıq riski ilə üz-üzə qalıb.
Yeniavaz.com “Financial Times”ə istinadən xəbər verir ki, hücumlar başlamazdan əvvəl regionu tərk edən son mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri hazırda təyinat nöqtələrinə çatmaq üzrədir və bu yüklər faktiki olaraq bölgədən gələn son sabit tədarük hesab olunur.
Məlumata əsasən, yaxın günlərdə boşaldılacaq bu yüklərdən sonra, xüsusilə də Körfəzdən ixrac olunan LNG-nin təxminən 90%-ni istehlak edən Asiya bazarında kəskin təchizat çatışmazlığı yarana bilər.
Əsas problem isə yeni tədarüklərin demək olar ki, tam dayanmasıdır. Regionda davam edən hərbi əməliyyatlar, enerji infrastrukturuna yönəlmiş hücumlar və gəmiçilik üçün artan təhlükələr Hörmüz boğazı vasitəsilə qaz nəqlini olduqca qeyri-sabit vəziyyətə salıb. Bu isə qlobal enerji təchizat zəncirlərinin faktiki olaraq pozulmasına səbəb olur.
Ekspertlər qeyd edirlər ki, neftdən fərqli olaraq LNG-nin alternativ daşınma marşrutları demək olar ki, yoxdur və o, tam şəkildə dəniz logistikasından asılıdır. Bu səbəbdən hətta qısamüddətli fasilələr belə bazarda kəskin qiymət artımı və yanacaq qıtlığına gətirib çıxara bilər.
Analitiklər yaxın həftələrdə vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırır. Mövcud yüklər təhvil verildikdən sonra idxalçı ölkələrin məhdud qaz həcmləri uğrunda rəqabəti güclənəcək. Bu isə həm qiymətlərin yüksəlməsinə, həm də xüsusilə Asiya və Avropada enerji çatışmazlığı riskinin artmasına səbəb ola bilər.
Qlobal qaz bazarı yüksək qeyri-müəyyənlik mərhələsinə daxil olur. Mövcud təcili tədarüklər cari tələbatı qısa müddətə qarşılasa da, onların ardınca ciddi enerji böhranı ehtimalı artır. Ekspertlər bunu son illərin ən böyük enerji sınaqlarından biri kimi qiymətləndirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz