
İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, rəsmi Tehran ABŞ və İsrailə qarşı “müdafiə müharibəsi” çərçivəsində əvvəlcədən hazırlanmış, çoxmərhələli strategiya həyata keçirir.
Yeniavaz.com xəbər verir ki, mənbənin sözlərinə görə, bu plan bir neçə ay əvvəl hazırlanıb və hazırda “yüksək strateji səbir” prinsipi ilə icra olunur. Rəsmi iddia edib ki, bölgədə ABŞ və İsrailin hava hücumundan müdafiə sistemləri və radar infrastrukturu zərərsizləşdirildikdən sonra İran artıq İsrailin hava məkanı üzərində “tam nəzarətə” malikdir.
Açıqlamada qeyd olunub ki, ABŞ-İsrail qüvvələrinin infrastruktur və strateji obyektlərə hücumlarından sonra Tehran yaxın perspektivdə atəşkəs gözləmir. Rəsmi əlavə edib ki, İran “artan hərbi üstünlüyünü” nəzərə alaraq, “təcavüzkarı cəzalandırmaq” siyasətini davam etdirəcək və Donald Trump administrasiyasına “tarixi dərs” vermək niyyətindədir.
Məlumata görə, regiondakı bir sıra tərəflər və vasitəçilər Tehrana müharibənin dayandırılması ilə bağlı təkliflər təqdim etsə də, İran hər hansı razılaşmadan əvvəl yerinə yetirilməsini tələb etdiyi şərtləri açıqlayıb.
Rəsmi Tehranın irəli sürdüyü əsas şərtlər bunlardır:
- Müharibənin yenidən başlamamasına zəmanət verilməsi
- Bölgədəki ABŞ hərbi bazalarının bağlanması
- İrana kompensasiyanın ödənilməsi
- Regional münaqişələrin tam dayandırılması
- Hörmüz boğazı üçün yeni hüquqi çərçivənin yaradılması
- İrana düşmən hesab edilən media nümayəndələrinin ekstradisiyası
Tətbiqimizi yükləyə bilərsiniz