Sumqayıtda bayram tonqalı partladı, xəsarət alanlar var – Anbaan video


Sumqayıtda bayram tonqalı yandırılan zaman partlayış meydana gəlib.
Yeniavaz.com
xəbər verir ki, hadisə anının anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzinin birgə məlumatına görə, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.
Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.

DİGƏR XƏBƏRLƏR

Top