Göz yaşınız silah olmasın!


Elə qadınlar var ki, çox emosionaldırlar və ən adi hadisələrə belə göz yaşları ilə cavab verirlər. Onların məqsədi qarşı tərəfə təsir göstərmək olmasa da, bu yolla həyat yoldaşlarına zəif tərəflərini göstərmiş olurlar. Bu isə gələcəkdə həyat yoldaşlarının onların bu zəif tərəflərindən sui-istifadə etməsinə səbəb olur. Təbii ki, burada söhbət, ilk növbədə, problemli ailələrdən gedir. Ancaq elə qadınlar da var ki, o qədər də emosional deyillər və göz yaşlarından ancaq qarşı tərəfə təsir göstərmək üçün istifadə edirlər.
Əslində, emosionallıq əksər qadınların təbiətindədir. Əgər bu emosionallıqda bir məhdudiyyət olmasa, ailədə ciddi problemlər baş qaldıra bilər. Təbii ki, bu problemlərdən biri (bəlkə də birincisi) həyat yoldaşınızın sizin səmimiyyətinizə inamını itirməsidir. Belə ki, siz hər şeyə ağlayaraq reaksiya versəniz, tədricən həyat yoldaşınız sizi anlamaqda çətinlik çəkəcək və müəyyən bir vaxtdan sonra sizə inanmamağa başlayacaq. Hətta çox ciddi bir məsələ olsa belə, yenə vəziyyət dəyişməyəcək. Hələ bu az imiş kimi hərəkətinizə bir məna verə bilmədiyi üçün sizi haqsız da sayacaq. Beləliklə, bir müddətdən sonra həyat yoldaşınız sizə inamını tamamilə itirəcək və bu, ailə həyatınızın təhlükə altında qalmasına səbəb olacaq.
Bundan başqa, həyat yoldaşları emosional olan qadınlar da var. Bu qadınlar da göz yaşlarından istifadə edərək həyat yoldaşlarına təsir göstərməyə çalışırlar. Onlar ilk vaxtlar məqsədlərinə nail olsalar da, sonralar ciddi maneələrlə qarşılaşırlar.
Ümumiyyətlə, məqsədinə nail olmaq üçün emosionallığa can atmaq heç vaxt müsbət nəticə vermir və üstəlik, gec-tez bu, ailə həyatının uçuruma getməsinə səbəb olur. Elə isə, ən yaxşısı bu cür hərəkətlərdən uzaq olmaq və hissləri təbii axarına buraxmaqdır.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top