
Papua Yeni Qvineyanın Yeni Ada bölgəsində qısa müddət ərzində minlərlə dəniz canlısının kütləvi şəkildə məhv olması ciddi narahatlıq doğurub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra yerli hakimiyyət orqanları balıq istehlakını qadağan edib.
Bildirilib ki, cəmi beş gün ərzində 3000-dən çox balıq və digər dəniz heyvanı ölüb.
Mütəxəssislər ölü balıqlarda rəng dəyişiklikləri, şişmiş gözlər və yaşılımtıl ət kimi qeyri-adi əlamətlər qeyd ediblər.
Hadisə təkcə ətraf mühit üçün deyil, həm də ictimai səhiyyə böhranına səbəb olub. Bölgədə yaşayan ən azı 750 nəfər balığı yedikdən və ya dəniz suyu ilə təmasdan sonra müxtəlif sağlamlıq problemləri yaşadıqlarını bildirib. Simptomlar arasında sinə ağrısı, öskürək və dəri xəstəlikləri olub.
Papua Yeni Qvineyanın Balıqçılıq naziri Yelta Vonq ictimaiyyəti müvəqqəti olaraq balıq istehlakından çəkinməyə çağırıb. Hakimiyyət orqanları dəniz suyunun və balığın mümkün kimyəvi çirklənməsini araşdırır, lakin konkret səbəb hələ müəyyən edilməyib.
Hadisə bölgədəki sosial-iqtisadi vəziyyəti daha da pisləşdirib. Təxminən 1500 sakini olan icmalarda balıqçılıq əsas dolanışıq mənbəyidir, buna görə də qadağa qida çatışmazlığına və gəlir itkisinə səbəb olub. Xüsusilə uşaqlar arasında qidalanma çatışmazlığı riski artıb.
Tədqiqatlar dənizdə “qırmızı dalğa” kimi tanınan bir fenomenin müşahidə olunduğunu bildirib. Mütəxəssislər bunun zəhərli yosunların sürətlə çoxalması ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz