
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” standartı üzrə sertifikat əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumatda bildirilir ki, sertifikatın alınması prosesində konsaltinq xidmətini “Caucasus Consulting Group of Companies” MMC göstərib.
Məlumat üçün bildirək ki, 2012-ci ildə dövlət qeydiyyatına alınan “Caucasus Consulting Group of Companies” MMC (VÖEN – 1302815961) 2020-ci ilə kimi “Qafqaz Consulting” adı ilə fəaliyyət göstərib. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Atabəyli Nigar Ramazan qızıdır.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ISO beynəlxalq standartının əldə edilməsi məqsədilə məsləhət və sertifikatlaşdırma xidmətlərinə görə “Caucasus Consulting Group of Companies” MMC-yə 86 min 140 manat ödəyib.
Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2022-ci ildə Bərdə və Quba Peşə Hazırlığı Mərkəzləri üzrə tədris materiallarının hazırlanması və maddi-texniki bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə məsləhət xidmətlərinin göstərilməsinə görə bu şirkətə 797 min 644 manat 60 qəpik ödəyib.
Bundan başqa, Agentlik 2022-ci ildə “Caucasus Consulting Group of Companies” MMC ilə 22 min 998 manat 30 qəpik dəyərində daha bir müqavilə imzalayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz