69 ildən sonra Şimali Koreyada seçicilərin 0,07%-i namizədlərin əleyhinə səs verib


Xəbər verdiyimiz kimi, Şimali Koreyada keçirilən son parlament seçkilərində seçici fəallığının 99,99% olduğu açıqlanıb.
Yeniavaz.com
Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyanın Ali Xalq Məclisindəki 687 yerin hamısı hakim Koreya Fəhlə Partiyası tərəfindən qazanılıb.
Seçicilərin 99,93%-i qeydə alınmış namizədlərin lehinə səs verib. Səs verənlərin 0,07%-i (təxminən 1400 nəfər) namizədlərin əleyhinə olub. Qeyd olunur ki, bu, 1957-ci ildən sonra Şimali Koreya seçki tarixində rəsmi mediada qeyd olunan ilk “əleyhinə” səslərdir.
Bu seçkilərdə deputatların 70%-dən çoxu yenilənib. Ekspertlər bunu Kim Çen Inın öz hakimiyyətini və gənc kadrları möhkəmləndirmək cəhdi kimi qiymətləndirirlər.
Kim Çen Inın bacısı Kim Yo-conq və xarici işlər naziri Çoe Son-hui yenidən deputat seçiliblər. Lakin parlamentin keçmiş sədri Çoe Ryonq-hae siyahıda yer almayıb.
Agentliyin məlumatına görə, bu seçkidən dərhal sonra yeni parlamentin ilk sessiyasının keçirilməsi gözlənilir. Orada konstitusiyaya dəyişiklik edilməsi və Cənubi Koreyanın rəsmən “daimi düşmən dövlət” kimi sənədləşdirilməsi müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top