Lukaşenko özünü Trampın tərəfdarı adlandırdı


Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koulun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüş zamanı Vaşinqtonun bəzi səhvlərinə baxmayaraq, Donald Trampın tərəfdarı olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
“Bəli, çox istərdim ki, mənim fikrimi Donald Trampa çatdırasınız. Düşünürəm ki, ABŞ-nin etdiyi müəyyən səhvlərə baxmayaraq, mən sizin prezidentinizin tərəfdarı olaraq qalıram”, - Lukaşenko bildirib.
Koul ondan İranla müharibədən danışıb-danışmadığını soruşub və Lukaşenko onu nəzərdə tutduğunu təsdiq edib.
Agentliyin məlumatına görə, danışıqlar zamanı Belarus lideri həmçinin, ABŞ nümayəndələrini Ukrayna və Yaxın Şərqdəki münaqişələr də daxil olmaqla qlobal və regional məsələləri müzakirə etməyə dəvət edib.
“Sizi regional məsələləri müzakirə etməyə çağırıram. Həm də təkcə Ukraynanın problemlərini deyil, qlobal problemləri. Düşünürəm ki, qlobal məsələlərə, xüsusən də Yaxın Şərqdəki vəziyyətə baxışım sizin üçün vacib olacaq, çünki siz dostlarımıza qarşı mübarizə aparırsınız. Və mən bu barədə açıq danışmağa hazıram”, - Belarus Prezidenti bildirib.
Qeyd edək ki, Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul 2025-ci ilin sentyabr ayından bəri Minskə bir neçə dəfə səfər edib və orada Lukaşenko ilə danışıqlar aparıb. Dekabr ayında etdiyi əvvəlki səfərdən sonra Amerika səfiri ABŞ-nin Belarus kaliumuna qarşı sanksiyaları ləğv etdiyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl Amerika tərəfi “Belavia” Hava Yollarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı. Danışıqlar zamanı Belarus Prezidenti bir sıra məhbuslar üçün bir neçə əfv fərmanı imzalamışdı.
“Pool One”ın məlumatına görə, Lukaşenkonun ötən ilin noyabr ayının sonundan bəri verdiyi qərarlar nəzərə alınmaqla, əfvlərin ümumi sayı 156-dır. Bunlara Avstraliya, Böyük Britaniya, Latviya, Litva, ABŞ, Ukrayna və Yaponiya vətəndaşları daxildir.

DİGƏR XƏBƏRLƏR

Top