
Qəzzada 60 yaşlı qadın çətin şəraitə baxmayaraq bayram ənənəsini davam etdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilir ki, müharibə, sərhəd məhdudiyyətləri və bahalaşma Qəzzada bayram hazırlıqlarını xeyli çətinləşdirib.
Qəzza şəhərinin şimalında qismən dağıdılmış evdə yaşayan Samira Touman ailəsi ilə birlikdə “kaak” və “maamoul” kimi ənənəvi bayram şirniyyatlarını hazırlayır. O, həm ailəsi, həm də sifarişçilər üçün işləyərək əlavə gəlir əldə etməyə çalışır.
Lakin bölgədə davam edən yanacaq və qaz qıtlığı səbəbindən ailə yemək bişirmək üçün odun və dağıdılmış binalardan toplanan taxta parçalarından istifadə etməyə məcbur qalır. Bu isə işi daha da çətinləşdirir. Sərhəd keçidlərinin tez-tez bağlanması isə ərzaq və xammal qiymətlərini kəskin artırıb.

Samira Touman bildirib ki, müharibədən əvvəl tam təchiz olunmuş mətbəxi və sabit sifariş bazası olsa da, hazırda hər şeyi sıfırdan əl ilə görməyə məcburdur.
Buna baxmayaraq, Samira ailəsi ilə birlikdə bayramın az da olsa sevincini yaşatmaq üçün ənənəni davam etdirdiklərini və Qəzzada vəziyyətin sabitləşməsini arzuladıqlarını bildirib: “Bu il ümid edirik ki, Ramazan bayramı daha yaxşı günlər gətirəcək, işlərimiz və həyatımız yaxşılaşacaq və sabitləşəcək, qiymətlər düşəcək, xammal və tikinti materialları Qəzzaya daxil olacaq. Çox uzun sürən bu çətin vəziyyətdən bezmişik”.
Tətbiqimizi yükləyə bilərsiniz