
Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına stadionla bağlı sakinlər narazılıq bildirirlər.
Sumqayıt sakinləri adından Yeniavaz.com-a müraciət edən Məmmədov Natiq bildirir ki, stadionda uzun illərdir isti su problemi mövcuddur və bu, sağlamlıq üçün risk yaradır:
“Əfsuslar olsun ki, artıq 4 ildir stadionda isti su yoxdur. Buraya sağlamlığını bərpa etmək üçün üz tutan yeniyetmələr və gənclər isti suyun olmaması səbəbindən xəstəlik riski ilə üzləşirlər”.
Qeyd edək ki, stadionun tikintisinə 2020-ci ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Məmmədov Natiqin sözlərinə görə, bəzi məşqçilər problemin səbəbini stadionun su və istilik idarələrinə olan borcları ilə əlaqələndirsələr də, bu iddia doğru deyil:
“Bunun məntiqi əsası yoxdur. Çünki bu stadion büdcə təşkilatları qrupuna aid olduğundan bütün xərclər dövlət büdcəsi tərəfindən qarşılanır”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan ilkin olaraq bildirilib ki, məsələ barədə məlumatları yoxdur. Növbəti suallar isə cavablandırılmayıb.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz