
Donald Trump administrasiyası ABŞ-də tətbiq olunan yeni miqrasiya tədbiri çərçivəsində 50 ölkənin vətəndaşları üçün viza müraciəti zamanı 15 min dollara qədər depozit tələb edəcək.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, qərar aprelin 2-dən qüvvəyə minəcək və əsas məqsəd turist və biznes vizası ilə ölkəyə daxil olub müddətdən artıq qalanların sayını azaltmaqdır.
Yeni qaydalara əsasən, B1/B2 (turizm və biznes) vizası üçün müraciət edən şəxslər 5 min, 10 min və ya 15 min dollar aralığında depozit ödəməli olacaqlar. Məbləğ konsulluq əməkdaşının qərarından asılıdır. Qaydalara əməl edən və ölkəni vaxtında tərk edən şəxslərə bu vəsait geri qaytarılacaq.
Son qərarla siyahıya 12 ölkə əlavə olunub. Bunlar Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel və Tunisdir. Beləliklə, proqramın əhatə etdiyi ölkələrin sayı 50-yə çatıb.
Qeyd olunur ki, siyahıda olan ölkələrin əksəriyyəti Afrika və Asiya regionundadır və əsas meyar həmin ölkələrdən gələnlərin viza müddətini pozma hallarının yüksək olmasıdır.
Əvvəllər daxil edilmiş 38 ölkə isə bunlardır: Əlcəzair, Angola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Kot-d’İvuar, Kuba, Cibuti, Dominika, Fici, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qırğızıstan, Malavi, Mavritaniya, Namibiya, Nepal, Nigeriya, San-Tome və Prinsipi, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Türkmənistan, Tuvalu, Uqanda, Vanuatu, Venesuela, Zambiya və Zimbabve.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz