
12 aprel 2026-cı il tarixində Macarıstanda keçiriləcək parlament seçkiləri ölkənin son onilliklərindəki ən gərgin siyasi mübarizəsi kimi tarixə düşməkdədir.
Yeniavaz.com xəbər verir ki, son rəy sorğuları Baş nazir Viktor Orbanın uzunmüddətli hakimiyyəti üçün ciddi siqnallar verir və müstəqil sorğu mərkəzlərinin mart ayına olan göstəriciləri siyasi balansın kəskin şəkildə dəyişdiyini təsdiqləyir.
Ölkənin nüfuzlu “Median” mərkəzinin 18 mart tarixli son hesabatına görə, Peter Maqyarın liderlik etdiyi TİSA partiyası 55% səs toplamaqla, 35% səsə malik hakim “Fides” partiyasını xeyli geridə qoyur. Oxşar mənzərə “21 Araşdırma Mərkəzi”nin martın əvvəlində keçirdiyi sorğuda da özünü büruzə verir. Bu sorğuda Maqyarın tərəfdarları 53%, Orbanın tərəfdarları isə 39% təşkil edir. Daha ehtiyatlı proqnozlar verən “İDEA İnstitutu” və “Zavecz Research” kimi qurumlar da TİSA-nın 49-50% həddində səs toplayaraq 12%-lik fərqlə öndə olduğunu bildirirlər. Yalnız hökumətyönlü “Nezopont” mərkəzi “Fides”in 45%-lə hələ də 5%-lik üstünlüyə malik olduğunu iddia edir.
Ekspertlər isə bildirirlər ki, rəy sorğularındakı bu üstünlüyə baxmayaraq Macarıstanın mövcud seçki sistemi səbəbindən TİSA-nın mütləq qələbəsinə zəmanət vermək mümkün deyil. Ölkədə tətbiq olunan qarışıq seçki modeli hakim partiyanın xeyrinə qurulub. Parlamentdəki 199 yerin 106-sı fərdi seçki dairələri üzrə majoritar qaydada müəyyən edilir. Bu da kənd yerlərində güclü təşkilatlanmış Orban hökumətinə az səslə daha çox mandat qazanmaq imkanı yaradır. Qalan 93 yer isə proporsional sistemlə partiya siyahıları üzrə bölünür və burada da “qalibə üstünlük” adlanan xüsusi qayda tətbiq olunur.
Bu qaydaya əsasən, dairələrdə qalib gələn namizədin rəqibini keçmək üçün istifadə etmədiyi bütün “artıq” səslər mərkəzi partiya siyahısına əlavə edilərək hakim partiyanın gücünü daha da artırır.
Məsələn, deyək ki, bir rayonda deputat seçilmək üçün 50 001 səs kifayətdir. Lakin, namizəd 80 000 səs toplayır. Normalda digər ölkələrdə namizədin topladığı əlavə 29 999 səs sadəcə qələbənin göstəricisi sayılır və başqa bir işə yaramır. Lakin Macarıstan seçki sistemində bu “artıq qalmış” səslər partiyanın ölkə üzrə ümumi siyahısına əlavə edilir.
Bu da o deməkdir ki, bir partiyanın majoritar sistemlə irəli sürdüyü namizədləri müəyyən bölgələrdə nə qədər çox səs fərqi ilə qalib gəlirsə, həmin “artıq” səslər birləşərək partiyaya parlamentdə əlavə deputat yerləri qazandırır. Bu qayda majoritar sistemdə ən çox səs alan hakim partiyaya süni şəkildə daha çox üstünlük verir. Beləliklə, hakim partiya proporsional sistemlə seçicilərin 45%-nin səsini alsa da, bu “artıq səslər” mexanizmi sayəsində parlamentdəki yerlərin 55-60%-nə sahib ola bilir.
Bu səbəbdən, əksər ekspertlər belə hesab edirlər ki, müxalifət partiyasının parlamentdə çoxluğa sahib ola bilməsi üçün seçkilərdə hakim partiyadan ən azı 10% çox səs toplaması lazımdır.
Müxalifət lideri Peter Maqyarın rəy sorğularındakı bu yüksək reytinqi real hakimiyyət dəyişikliyinə çevirməsi üçün TİSA partiyası yalnız Budapeştdə deyil, həm də Orbanın qalası hesab edilən əyalətlərdəki fərdi dairələrdə mütləq qələbə qazanmalıdır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz