
Azərbaycanda Çin vətəndaşı Vanq Veujunun rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, “Dongfeng-İmprotex Az Aqro” MMC (VÖEN – 1103197561) adlı şirkətin nizamnamə kapitalı 1 milyon dollara bərabərdir.
Yeni yaradılan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şosesi, ev 4, 15-ci km”də yerləşir.
Qeyd edək ki, bu ünvanda “İmprotex Demining” MMC (VÖEN – 1102463331) və “İmprotex Travel” MMC (VÖEN – 1102181721) adlı şirkətlər də qeydiyyatdadır.
Məlumat üçün bildirək ki, “İmprotex Travel” ölkənin aparıcı şirkətlər qruplarından biri olan “İmprotex Group”a daxildir. Şirkətlər qrupunun sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.
Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33 ünvanında qeydiyyatda olan “İmprotex Motors” MMC-nin (VÖEN – 1400064731) qanuni təmsilçisi də Füzuli Ələkbərovdur. BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Dongfeng” avtomobilləri Çinin “Dongfeng Motor Corporation Ltd.” şirkəti tərəfindən istehsal olunur. Bu şirkət Çinin ən böyük avtomobil istehsalçılarından biridir. 1969-cu ildə qurulan şirkətin baş ofisi Uhandadır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz