ABŞ-nin sanksiyaları yüngülləşdirməsi Rusiyaya necə kömək edib? – Rəqəmlər


Martın 12-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiya neftinin dəniz yolu ilə satışına məhdud çərçivədə icazə verən 30 günlük ümumi lisenziya təqdim edib.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, lisenziya yalnız 12 mart tarixinə qədər tankerlərə yüklənmiş neft və neft məhsullarını əhatə edir.
Bu qərar qlobal enerji bazarında gərginliyin artdığı, xüsusilə də Hörmüz boğazı ətrafında risklərin yüksəldiyi bir vaxta təsadüf edir. Analitiklər bunu ABŞ Prezidenti Donald Trump administrasiyasının neft qiymətlərini sabitləşdirmək cəhdi kimi qiymətləndirir.
Ekspertlər qeyd edir ki, bu qərar xüsusilə üçüncü ölkələr üçün əhəmiyyətlidir – onlar artıq ikinci dərəcəli sanksiyalardan çəkinmədən Rusiya nefti ilə əməliyyatlar apara biləcəklər.
Son həftələrdə Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri kəskin yüksəlib. Fevralın sonundan bəri “Brent” markalı neft 70 dollardan 100 dollardan yuxarı səviyyəyə qalxıb.
Analitiklər hesab edir ki, tankerlərdə olan əlavə həcmlər (təxminən 100–130 milyon barel) bazara məhdud təsir göstərə bilər. Hörmüz boğazında mümkün blokada gündəlik 12–14 milyon barel tədarükə təsir edir. Bu səbəbdən qiymətlərin 100 dollardan aşağı düşməsi yaxın perspektivdə çətin görünür.
Bildirilir ki, son aylarda Hindistanın Rusiya neftini qəbul etməkdən qismən imtina etməsi səbəbindən ixracatda çətinlik yaranıb. Rusiya Hindistandan olan alıcıları cəlb etmək üçün “Urals” neftinə 20% endirim edib. Fevral ayının sonunda bu, təxminən bir barel üçün 14 dollar olub. Belə ki, fevralda “Brent” markalı neft 71 dollara satıldığı halda “Urals” 57 dollara satılıb. OFAC-ın qərarından sonra endirim  təxminən 9%-ə və ya 8,4 dollara düşüb. Hazırda “Brent” 102 dollara, “Urals” isə 93,6 dollara satılır.
Sanksiyaların yumşaldılmasından sonra Rusiyanın neft şirkətlərinin səhmləri xeyli artıb. “Rosneft”in səhmləri 27%, “Lukoil”in səhmləri 11%, “Surqutnefteqazın”ın səhmləri isə 8% artıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top