
Yaxın Şərqdə artan hərbi gərginlik nəticəsində Hörmüz boğazı qlobal enerji və logistika sisteminin əsas risk nöqtəsinə çevrilib.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, normal şəraitdə dünya neft ticarətinin təxminən 20%-nin və dəniz yolu ilə daşınan gübrələrin 30%-nin keçdiyi bu strateji su yolu hazırda faktiki olaraq iqtisadi müharibənin ön xəttindədir.
İran ətrafında yaranan hərbi qarşıdurma, o cümlədən İsrail və ABŞ tərəfindən həyata keçirilən əməliyyatlardan sonra bölgədə təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşib. Raket hücumları, mina təhlükəsi və hərbi dəniz qüvvələrinin aktivləşməsi nəticəsində yüzlərlə tanker və yük gəmisi boğazın hər iki tərəfində gözləmə vəziyyətində qalıb.
Buna baxmayaraq, ABŞ boğazdakı blokadanın yumşaldılacağına söz versə də, real vəziyyət gəmiçilik sektorunda ciddi narahatlıq yaradıb. Ən böyük problemlərdən biri isə sığorta xərclərinin kəskin artmasıdır.
Böhrandan əvvəl Körfəz sularında üzən gəmilər üçün müharibə riski sığortası gəmi dəyərinin cəmi 0,02–0,05%-ni təşkil edirdi. Lakin hazırda bu göstərici 0,5–1% və daha yüksək səviyyəyə qalxıb. Məsələn, dəyəri 120 milyon dollar olan bir tanker üçün əvvəllər təxminən 40 min dollar olan sığorta haqqı indi 600 min – 1,2 milyon dollar aralığına yüksəlib.
Artan xərclər artıq tədarük zəncirinə təsir etməyə başlayıb və yaxın həftələrdə yanacaq və ərzaq qiymətlərində artımın hiss olunacağı gözlənilir.
Dünyanın ən böyük daşıyıcı şirkətləri – “Maersk”, MSC, CMA CGM və “Hapag-Lloyd” artıq Fars körfəzində fəaliyyətlərini qismən dayandırıb və ya alternativ marşrutlara üstünlük verir. Bu isə daşınma müddətinin uzanmasına və əlavə xərclərə səbəb olur.
Risklərin artması fonunda şirkətlər təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalıb. Münaqişə başlayandan bəri azı 16 gəminin hücuma məruz qaldığı və ya zərər gördüyü bildirilir. Bu səbəbdən ABŞ boğazdan keçən gəmilər üçün hərbi müşayiət təmin edəcəyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə Çin, Yaponiya, Cənubi Koreya, Fransa və Böyük Britaniya kimi ölkələri də təhlükəsiz daşımaları təmin etmək üçün hərbi dəniz qüvvələri göndərməyə çağırıb.
Ekspertlər bildirir ki, hərbi eskortlar müəyyən təhlükəsizlik təmin etsə də, Fars körfəzi və xüsusilə Hörmüz boğazı hələ də yüksək riskli əməliyyat zonası olaraq qalır. Bu isə qlobal enerji bazarları üçün qeyri-müəyyənliyin davam edəcəyini göstərir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz