Əhməd Məmmədliyə hökm oxundu


Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmə keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən Əhməd Məmmədli 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir. İttihama görə, mayın 6-da 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu hadisəni törətməkdə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Hadisəyə taksidə yer üstündə mübahisənin səbəb olduğu bildirilir. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top