
İranın Ali Lideri Müctəba Xamenei Rusiyada müalicə alır və sağaldıqdan sonra vətəninə qayıda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Küveytin “Al Jarida” qəzeti mənbəyə istinadla məlumat yayıb.
Qəzet yazır ki, İranın yeni Ali Lideri müalicə üçün təyyarə ilə gizlicə Moskvaya təxliyə edilib.
Mənbə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə (Kremlin məlumatına görə, 10 martda) İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəba Xameneinin müalicə üçün Moskvaya göndərilməsini şəxsən təklif edib.
Həmin axşam Ali Rəhbər Rusiya hərbi təyyarəsi ilə yola salınıb. Nəşrin mənbəsi həmçinin, Ali Rəhbəri İran tibb işçilərinin müşayiət etdiyini qeyd edib. Mənbənin məlumatına görə, Xamenei Moskvaya çatdıqdan sonra uğurlu əməliyyat keçirib və hazırda Putinin iqamətgahlarından birinin ərazisindəki xüsusi klinikada müalicə alır.
Mənbə əlavə edib ki, Müctəbanın Moskvaya təxliyəsinə təkcə müharibə zamanı lazımi tibbi yardımın göstərilməsindəki çətinliklər deyil, həm də İsrailin yeni İran liderinə sui-qəsd təhdidləri səbəb olub. İranın kəşfiyyat orqanları Əli Xameneinin oğlunun harada olduğu barədə məlumatların onun müalicəsində iştirak edə biləcək həkimlərdən sıza biləcəyindən ehtiyat edirlər.
“Al-Jarida” mənbəsi bildirib ki, İranda Müctəbaya aid edilən ilk müraciətin həqiqiliyinə dair də ciddi şübhələr var. Onun sözlərinə görə, hazırkı liderin İran xalqına ilk müraciətinin yazılmasında iştirakı olmayıb. Mənbə əlavə edib ki, mətnin müəllifi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ola bilər. Çünki müraciətin məzmunu demək olar ki, onun əvvəlki bir neçə bəyanatı ilə tamamilə üst-üstə düşür.
Mənbənin məlumatına görə, ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayan yeni Ali Lider hərbi əməliyyatların ilk günündə, 28 fevralda yaralanıb. ABŞ-İsrail hücumu nəticəsində atası Əli Xamenei də daxil olmaqla, onun ailəsinin altı üzvü həlak olub. İran hökumətindəki üç mənbə “The New York Times” qəzetinə onun ayağından yaralandığını bildirib.
İran Xarici İşlər Nazirliyi də Ali Liderin yaralandığını təsdiqləyib. Nazirlik bildirib ki, yaralanmasına baxmayaraq, Xamenei özünü yaxşı hiss edir.
Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın yeni lideri Ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi ilə bağlı iddialarla bağlı brifinqdə şərh verməkdən imtina edib.
Peskov bununla bağlı suala cavab olaraq “Biz bu cür xəbərlərə şərh vermirik”, - deyib.
Tətbiqimizi yükləyə bilərsiniz