
Balaca qız yenə də ata-anasının mübahisəsinə şahid olurdu. Odur ki, utancaq bir əda ilə atasına yaxınlaşdı və qulağına “Ata, nə olar, anamla mübahisə etmə, yoxsa mən çox qorxuram”, - dedi. Bu onun balaca ürəyinin fəryadı idi...
…Nə yazıq ki, ata-analar mübahisə edir, olan isə uşaqlara olur. Nə yazıq ki, biz, dostumuza, yoldaşımıza göstərdiyimiz hörməti ailə üzvlərimizə göstərə bilmirik. Peyğəmbərimiz (s.ə.s.) isə bu barədə belə deyir: “Sizin ən xeyirliniz ailəsinə ən yaxşı davrananızdır”.
Elə isə ailəmizə qarşı necə yaxşı davranmalıyıq? Yaxşı dediyimiz şey heç də ailəmizlə mübahisə etməmək, ailəmizi təhqir etməmək deyil. Yaxşı dediyimiz şey ailəmizə hörmət etmək, hətta bizə xoş gəlməyən hərəkətlərinə də səbir göstərməkdir (Təbii ki, xanımların kişilərə göstərdiyi səbri də unutmamaq şərti ilə).
Peyğəmbərimizin (s.ə.s.) həyat yoldaşları: “Allah Rəsulu insanların ən gülərüzlüsü, xanımları ilə ən çox zarafat edəni idi”, - deyirlər. Biz də ailəmizlə zarafatlaşa, onlarla deyə, gülə, əylənə bilərik. İsitrahət günlərimizdə ailəmizlə oyun oynaya və ya Peyğəmbərimiz (s.ə.s.) kimi yarışa bilərik.
Bundan başqa, həyat yoldaşınızın xoşladığı bir zinət əşyasını və ya bir paltarı ondan xəbərsiz alaraq, ona sürpriz edə bilərsiniz. Və ya qırmızı bir gül alıb gizlicə yatağının üzərinə qoya bilərsiniz. Ya da həyat yoldaşınızın ad günündə qayınananıza-qayınatanıza da hədiyyə ala bilərsiniz. Onlara, həyat yoldaşınıza verdiyi tərbiyəyə görə təşəkkür edə bilərsiniz. Təbii ki, bunlar bizim ağlımıza gələnlərdir. Siz də onlarla, yüzlərlə belə gözəl fikirlər kəşf edə bilərsiniz.
“Uşağınıza verəcəyiniz ən gözəl hədiyyə anasını sevməyinizdir”, - deyir müdriklərdən biri. Doğrudan da xoşbəxt bir ailəyə sahib olmaq istəyiriksə, uşaqlarımızın tərbiyəçisi olan həyat yoldaşımıza qarşı çox həssas davranmalıyıq. Nə olursa-olsun, onların qəlbini sındırmamalıyıq. Kişilər belə davransa, yəqin ki, xanımlar da həyat yoldaşlarına və uşaqlarına xoşbəxt bir həyat bəxş edərlər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz