
Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən məşhur universitetləri sırasında yer alan ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) doktorantura pilləsində təhsil alır.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistin kiçik oğlu Mete Namazov bildirib.
Mete Namazov bildirib ki, qardaşı Abutalıb Namazov “Massachusetts Institute of Technology”də doktorantdır: “Barış (Abutalıb Namazov – red.) bu gün MIT-ə qəbul olduğu üçün mən bunu da özümə bayram sayıram. Ona sonuncu iş təklifində deyilən maaşı düşünəndə bir az fikrə gedirəm. Kasıblığın daşını atardıq. O gün yaxşı bir avtomobil də bəyənmişdim, alardıq... Amma mənim bircə qardaşım elmi seçdi. Hazırda elə “Massachusetts Institute of Technology”də doktorantdır. Bütün xərclərini də universitet öz üzərinə götürüb. Universitetin saytına girib onun adını və şəklini müəllim və araşdırmaçı heyəti arasında görəndə qanadım açılır, insan uçaq aparata dönürəm.
MIT-də doktorantura dünyanın ən çətin qəbul olunan və ən nüfuzlu akademik proqramlarından biri sayılır. Bu, sadəcə bir elmi dərəcə almaq deyil, həm də dünyanın ən güclü elmi mərkəzlərindən birində yetişmək deməkdir.
Amma inanın ki, mənim onunla öyünməyim daha çox onun MIT-də ilk azərbaycanlı doktorant olması ilə bağlı deyil. Gizlətmirəm, buna görə də çox sevinirəm.
Amma onun sadə, təmiz və doğru bir insan olması mənim üçün daha önəmlidir”.

Tətbiqimizi yükləyə bilərsiniz