
ABŞ Prezidenti Donald Tramp Kiyevin Yaxın Şərqdəki müharibədə köməyini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Fox News”a danışıb.
“Xeyr, ukraynalıların dronlardan müdafiə üçün köməyinə ehtiyacımız yoxdur. Biz dronlar haqqında hər kəsdən daha çox bilirik. Əslində, dünyanın ən yaxşı dronlarına sahibik”, - Tramp deyib.
Trampın açıqlaması ilə eyni vaxtda ABŞ-nin Ukraynada sınaqdan keçirilmiş dronlarının İrana göndərməsi xəbəri ictimaiyyətə açıqlanıb.
ABŞ ordusunun katibi Den Driskol ABŞ-nin Yaxın Şərqə Rusiyanın Ukrayna ilə müharibəsi zamanı döyüş sınaqlarından keçirilmiş 10.000 tutucu dron göndərdiyini açıqlayıb.
Driskolun sözlərinə görə, ABŞ “Merops” dronlarını ABŞ və İsrailin İrana ilk hücumundan beş gün sonra martın 4-ü göndərib.
“Merops” süni intellektlə təchiz olunmuş dronları “Google”ın keçmiş baş direktoru Erik Şmidtə məxsus müdafiə şirkəti olan “Project Eagle” tərəfindən hazırlanıb. Ukrayna bu dronları 2024-cü ilin fevral ayında alıb.
Deni Driskolun sözlərinə görə, “Merops” dronlarının qiyməti 14.000-15.000 dollardır, lakin böyük sifarişlər üçün qiymət hər bir tutucu üçün 3.000-5.000 dollara çata bilər. Bu, İranın ən azı 20.000 dollara başa gələn “Şahed” hücum dronlarından daha ucuzdur.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını İran dronlarından qorumaq üçün mütəxəssislər və tutucu dronlar göndərib. O qeyd edib ki, ABŞ martin 5-i kömək istəyib və Ukrayna komandası ertəsi gün Yaxın Şərqə yola düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz