Xırdalanda sahibkar parklanma yerini qanunsuz zəbt edib – Fotolar


Xırdalanda mağaza sahibinin parklanma yerini qanunsuz zəbt etdiyi iddia olunur.
Yeniavaz.com
-a müraciət edən “Alyans MTK”nın sakinləri bildirilər ki, söhbət həmin MTK-nın ərazisində fəaliyyət göstərən “Çərəz və tort ləvazimatları” mağazasından gedir.
Sakinlərin sözlərinə görə, mağazanın sahibi əraziyə dirəklər basdıraraq dəmir zəncir çəkib və beləliklə avtomobillərin park edilməsinə maneə yaradıb.
“Müdür işçilərə tapşırıb ki, buranı açmasınlar, qıfıl vuraraq qanunsuz şəkildə zəbt ediblər. Biz bu binada yaşayırıq. Ərazi dəmir zəncirlə bağlanıb. Halbuki normalda burada avtomobillər saxlanılmalıdır. Bu sahədə ən azı 4 avtomobil saxlamaq mümkündür”, – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, sahibkar bunu mağazaya gətirilən malların rahat şəkildə qəbul olunması üçün edir.
“Mağazaya mal gətiriləcəyini əsas gətirərək həftənin hər günü, demək olar ki, 24 saat, gecə-gündüz fərq etmədən ərazini bağlı saxlayırlar”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, məsələ araşdırılıb və ərazidə qeydə alınan qanunsuz maneələr aradan qaldırılıb.
“Qeyri-qanuni şəkildə küçəyə düzülmüş, hərəkət axınına mane olan dəmirlər ərazidən təmizlənib və sakinlərin, hərəkət iştirakçılarının istifadəsinə verilib”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top