
Türkiyəli aktyor Oktay Kaynarcanın təqdim etdiyi “Kim Milyoner Olmak İster?” viktorina şousunda iştirak edən azərbaycanlı Nail Əliyev həyat hekayəsi ilə studiyada emosional anlara səbəb olub.
Yeniavaz.com “A Haber”ə istinadla xəbər verir ki, Azərbaycanda anadan olan və hazırda İstanbulda yaşayan N.Əliyev yarış zamanı həyatında mühüm dönüş nöqtələrini bölüşüb.
35 yaşlı Nail Əliyev Azərbaycanda anadan olduğunu və 2008-ci ildə universitet təhsili almaq üçün Türkiyəyə getdiyini bildirib. O, həmin vaxt Çanakkale Onsekiz Mart Universitetində oxuduğunu qeyd edib. Lakin gənc yaşda baş verən avtomobil qəzası onun həyatını tamamilə dəyişib.
Əliyev dostları ilə birlikdə getdiyi avtomobilin aşdığını və qəzada ağır xəsarət aldığını bildirib. Bu qəzada onun onurğası sınıb.
“Dostlarımla gedərkən maşın aşdı və mən tavanla oturacaqlar arasında qaldım. Onurğam sındı və əlil oldum", - N.Əliyev deyib.
Bu hadisədən sonra onun universitet təhsili yarımçıq qalıb və uzun bir müalicə dövrü başlayıb.
Qəzadan sonra N.Əliyev fizioterapiya üçün Azərbaycana qayıdıb və məhz həmin günlərdə həyatında daha bir dönüş nöqtəsi yaşayıb.
Bacısı Bakıda fizioterapiya alarkən onun yanına gəlib və bu zaman onunla bir yerdə gələn gələcək həyat yoldaşı ilə tanış olub.
O vaxt N. Əliyevin gələcək həyat yoldaşı Bakı Dövlət Universitetində oxuyub. Onların tanışlığı daha sonra evliliklə nəticələnib.
Daha sonra təhsilini Azərbaycanda tamamlayaraq, Türkiyəyə qayıdıb və İstanbulda məskunlaşıb.
O, həyat yoldaşı ilə birlikdə öz övladları olmamışdan əvvəl bir uşağı övladlığa götürməyi qərara alıb. Xüsusilə, Hatay zəlzələsində valideynlərini itirən uşaqların onlara dərin təsir etdiyini bildirib.
Buna görə də onlar övladlığa götürmək üçün agentliyə müraciət ediblər, ancaq onlara əlil şəxsin uşaq övladlığa götürə bilməyəcəyini deyiblər.
N.Əliyev bu qərarın onu və həyat yoldaşını çox məyus etdiyini bildirib.
Daha sonra onların öz övladları dünyaya gəlib. Artıq oğlu ilə yeni bir həyat qurduğunu deyən N.Əliyev oğlunun dünyaya gəlməsinin həyatına fərqli bir məna verdiyini bildirib. O, həftədə üç gün oğluna baxdığını qeyd edib.
“Bütün günü birlikdə keçiririk. Onunla yarımçıq qalmış həyatımı davam etdirirəm. Ondan o qədər çox şey öyrənirəm ki, deyə bilərəm ki, onunla böyüyürəm”, - N. Əliyev əlavə edib.
N.Əliyev bir müddət özəl universitetdə qrafik dizayner kimi işləsə də, hazırda sərbəst dizayner kimi karyerasına davam edir.


Tətbiqimizi yükləyə bilərsiniz