Milyarder idmançıların siyahısı açıqlandı


İsveçrəli tennis əfsanəsi Rocer Federer milyard dollarlıq sərvətə malik idmançıların sırasına qoşulub.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, bununla da o, artıq bu siyahıda yer alan amerikalı idmançılar – Maykl Cordan, LeBron Ceyms, Tayqer Vuds və Mecik Conson ilə eyni sırada qərarlaşıb.
Bildirilir ki, bu idmançıların sərvətinin böyük hissəsi yalnız idman fəaliyyətindən deyil, sponsorluq müqavilələri və uğurlu biznes investisiyalarından formalaşıb.
“Forbes” nəşrinə görə dünyada milyard dollardan çox sərvəti olan 5 idmançıdan ən zəngini Maykl Cordan hesab olunur. Basketbol tarixinin ən məşhur oyunçularından biri olan Cordan hazırda ən varlı keçmiş idmançı sayılır. O, 4,3 milyard dollarlıq sərvətinin əsas hissəsini “Nike” ilə əməkdaşlıqdan, “Jordan” brendindən və NBA-in “Charlotte Hornets” klubundakı payını satmasından əldə edib.
1,6 milyard dollar sərvəti olan keçmiş NBA ulduzu Mecik Conson aktiv karyerasında böyük gəlir əldə etməsə də, təqaüddən sonra uğurlu biznes fəaliyyəti ilə tanınıb. O, “Los Angeles Lakers”, “Los Angeles Dodgers” və digər idman komandalarına investisiya qoyaraq sərvətini artırıb.
Dünyanın ən məşhur qolfçularından biri olan Tayqer Vuds 1,5 milyard dollarlıq sərvətinin böyük hissəsini sponsorluq müqavilələri və biznes layihələrindən qazanıb. O, həmçinin qolf dizaynı və idman tədbirlərinin təşkili ilə məşğul olan şirkətlər yaradıb.
LeBron Ceyms NBA tarixində milyarder statusu qazanan ilk aktiv basketbolçu hesab olunur. 1,4 milyard dollar dəyərində sərəvət “Nike” ilə ömürlük müqavilə, müxtəlif reklam tərəfdaşlıqları və media-istehsal şirkəti olan “SpringHill” vasitəsilə əldə edilib.
20 “Böyük Dəbilqə” titulunun sahibi olan Rocer Federer  1,1 milyard dollar sərvəti ilə milyarderlər siyahısına daxil olan ilk tennisçi olub. Onun sərvətinin böyük hissəsi sponsorluq müqavilələri və İsveçrənin “On” idman geyimləri şirkətinə etdiyi uğurlu investisiya hesabına formalaşıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top