
2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirovun cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilir ki, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.
“Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KIA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı Aqşin Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.
Tərəflərin mübahisəsinin davamında Aqşin Bəbirov “Mercedes”in sürücüsünə dəmir parçası ilə zərbə endirib.
Qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb”, - sayt yazır.
Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz