İnsanları sahura oyadanların peşəsi necə yaranıb? – Bu ölkələrdə hələ var...


Ramazan ayının ən maraqlı adətlərindən biri də insanların sahura oyadılması ilə bağlıdır.
Yeniavaz.com
xəbər verir ki, İslam mədəniyyətinin hakim olduğu əksər ölkələrdə bu adət hələ də davam edir.
Qonşu Türkiyədə Ramazan ayı ərzində insanları sahura oyatmaq üçün küçələrdə nağara çalaraq gəzən insanlara bu gün də rast gəlmək mümkündür. “Ramazan davulçusu” adlandırılan bu şəxslər Osmanlı dövründən qalan ənənəni Türkiyədə yaşadırlar. Onlar həm nağara çalır, həm də Ramazanla bağlı məşhur deyimlər olan– “manilər”i səsləndirirlər.
Misir, Suriya, Livan, İordaniya və Fələstin kimi ölkələrdə isə bu şəxslər “Mesaharati” adlandırılır. Misirdə onlar adətən kiçik bir nağara (“baza”) çalaraq küçələri gəzirlər.
Hindistan və Pakistan kimi ölkələrdə isə onlara “Seherivala” deyilir. Onlar həm nağara çalır, həm də dini qəsidələr oxuyaraq insanları oyadırlar.
Mərakeş və Yəmənin bəzi bölgələrində isə nağara əvəzinə qapılar xüsusi çubuqlarla döyülür və ya fleyta kimi musiqi alətlərindən istifadə olunur.
Qeyd edək ki, sahura oyatmağın xüsusi bir peşə kimi formalaşması Abbasilər dövrünə təsadüf edir. Əvvəllər sadəcə səslə və ya qapıları döyməklə edilən bu çağırışlara sonradan, xüsusilə Fatimilər və Osmanlılar dövründə nağara, dəf və digər musiqi alətləri əlavə olundu. Bu ənənə həm də Ramazan ayına bayram ab-havası qatmaq məqsədi daşıyır.
Maraqlıdır ki, texnologiyanın olmadığı dövrlərdə təkcə müsəlman Şərqində deyil, Avropada da insanları yuxudan oyatmaq xüsusi bir peşə sayılırdı.
Keçmişdə zəngli saatlar mövcud olsa da, onlar çox baha idi və sadə fəhlələrin cibinə uyğun deyildi. Buna görə də, xüsusilə Britaniyada “knocker-upper” (“pəncərə döyən”) adlanan maraqlı bir peşə yaranmışdı.
Bu şəxslərin işi müştəriləri işə vaxtında oyatmaqdan ibarət idi. Onlar gecə saat 3-dən etibarən küçələrə çıxır, uzun çubuqlarla və ya pəncərəyə xırda daşlar atmaqla insanları oyadırdılar. Müştəri pəncərəyə gəlib oyaq olduğunu təsdiq edənə qədər həmin evi tərk etmirdilər.
Yalnız Britaniyada deyil, Avropanın başqa ölkələrində də analoji peşə sahibləri fəaliyyət göstərirdi. Fransada “reveilleurs” adlanan şəxslər küçələrdə gəzərək ucadan qışqırır və ya qapıları döyərək insanları oyadırdılar. İtaliyada isə “hooters” adlanan şəxslər fit və ya səsucaldan bənzəri alətlərlə işə getməli olanların köməyinə çatırdılar.
Bu peşə sahibləri sadəcə “saat” rolunu oynamırdılar. Gecə boyu oyaq qaldıqları üçün onlar bir növ şəhərin “gizli keşikçiləri” hesab olunurdular. Məsələn, maraqlı faktlardan biri odur ki, 1876-cı ildə bir “pəncərə döyən” iş başında olarkən evdə başlayan yanğını görmüş və ailəni ölümdən xilas etmişdi.
XIX əsrin sonlarında zəngli saatlar ucuzlaşmağa və demək olar ki, hər evə daxil olmağa başladı. Beləliklə, bu maraqlı peşə tədricən tarixin tozlu səhifələrinə köçdü. Lakin onların mirası bu gün də Ramazan ayında küçələri gəzən nağaraçılar vasitəsilə yaşamağa davam edir.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top