
Məlum olduğu kimi, dünya enerji bazarlarında xam neftin qiyməti son illərin ən yüksək səviyyəsinə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, digər neft markaları kimi Azərbaycana məxsus “Azeri Light” markalı neftin də qiyməti artmaqdadır.
Qeyd edək ki, “Azeri Light” markalı neft dünya birjalarında satılmadığı üçün onun qiyməti “Brent” markalı neftin qiymətinə əsasən müəyyən olunur.
Məlumat üçün bildirək ki, neft bazarında qiymətlər əsasən iki mexanizm üzrə formalaşır. Bunlardan biri “spot” qiyməti mexanizmidir. Bu neftin hazırkı anda satış qiymətidir. Yəni bir neft emalı zavodu bu gün real neft almaq istəyirsə, ödədiyi məbləğ “spot” qiyməti sayılır. Bazarda gərginlik artdıqda və təcili tələbat yarandıqda “spot” qiymətlər sürətlə yüksələ bilir. Digəri isə “fyuçers” qiyməti mexanizmidir. “Fyuçers” qiyməti neftin gələcəkdə təhvil verilməsi şərti ilə bağlanan müqavilənin dəyəridir. Məsələn, əgər “Brent” markalı neftin may ayı üçün “fyuçers” qiyməti 95 dollardırsa, bu o deməkdir ki, alıcı şirkət nefti iki ay sonra müqavilədə qeyd olunan qiymətə, yəni 95 dollara alacaq.
“Fyuçers” müqavilələri şirkətlər üçün bir növ sığorta rolunu da oynayır. Məsələn, qiymətlərin gələcəkdə daha da artacağından ehtiyat edən şirkətlər indidən müqavilə bağlayaraq riski azaldırlar.
Azərbaycan neftinin qiyməti necə müəyyən edilir?
Dünya birjalarında “Brent” və ya “WTI” kimi markaların qiyməti “fyuçers” müqavilələri nəticəsində formalaşır. Azərbaycanın “Azeri Light” nefti isə birjada ayrıca “fyuçers” müqaviləsi ilə satılmır. “Azeri Light” neftinin qiyməti “spot” mexanizmi əsasında formalaşır. Bu qiyməti isə əsasən “Brent” neftinin qiymətinə bağlı şəkildə hesablanır. Adətən “Azeri Light” neftinin “spot” qiyməti “Brent” markalı neftin “fyuçers” qiymətindən bir qədər yüksək olur. Bunun səbəbi Azərbaycan neftinin yüksək keyfiyyətli olmasıdır. “Azeri Light” yüngül neft sayılır və tərkibində kükürd azdır.
Məsələn, əgər “Brent” nefti 92 dollara satılırsa, “Azeri Light”ın qiyməti keyfiyyət üstünlüyünə görə təxminən 95-96 dollar səviyyəsində ola bilər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz