Masazırda parkın ərazisində obyekt tikilir? – Fotolar


“Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Masazır sakinləri deyib.

Söhbət Abşeron rayon Masazır qəsəbəsi, Qurtuluş‑93 yaşayış kompleksində yerləşən parkdan gedir.
Sakinlər iddia edirlər ki, parkda abadlaşdırma adı ilə obyekt tikilir.

“Deyirdilər ki, parkı abadlaşdıracaqlar. Amma indi texnika gətirilib, kubiklər tökülür. Çox güman ki, obyekt tikmək istəyirlər”.
Sakinlər qeyd edirlər ki, park Masazırda uşaqların oynaya bildiyi azsaylı yaşıllıq sahələrindən biri idi:
“Bura əvvəllər yaşıllıq idi, uşaqlar gəlib oynayırdı, indi isə hamısını dağıdırlar”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Yeniavaz.com-a bildirilib ki, parkda abadlaşdırılma işləri gedir:
“Orda hər hansı tikinti aparılmır, ərazi abadlaşdırılır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.

***
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Yeniavaz.com-a bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
“Aparılan araşdırma zamanı sözügedən ərazidə ağac və kol bitkilərinin kəsilmədiyi, səki və yol çəkilişi işlərinin aparıldığı müəyyən edilib. Peyk görüntülərinə baxış zamanı ərazidə əvvəllər də ağac və kol bitkilərinin olmadığı məlum olub”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top