
ABŞ ilk 6 gündə İrana qarşı hərbi əməliyyata ən azı 11,3 milyard dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Pentaqon rəsmiləri 10 martda Konqres üzvləri üçün qapalı brifinqdə İrana qarşı müharibənin təkcə ilk altı günündə xərcinin 11,3 milyard dolları keçdiyini təxmin etdiklərini bildiriblər.
“Bu hesablamalarda əməliyyatla bağlı bir çox xərclər, o cümlədən ilkin zərbələrdən əvvəl hərbi texnikanın və personalın hərəkəti nəzərə alınmayıb. Buna görə də, qanunvericilər xərclərin əhəmiyyətli dərəcədə artacağını gözləyirlər”, - deyə nəşr qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz