
Hörmüz boğazı bölgəsində risklərin artmasına baxmayaraq İran Çinə xam neft tədarükünü davam etdirir.
Yeniavaz.com “TankerTrackers” portalına istinadən xəbər verir ki, müharibənin başlanğıcı sayılan 28 fevral tarixindən etibarən İran boğaz vasitəsilə Çinə ən azı 11,7 milyon barel neft göndərib.
Məlumata əsasən, bölgədəki təhlükəli vəziyyət səbəbindən bir çox neft tankeri marşrut boyunca avtomatik identifikasiya və müşahidə sistemlərini söndürərək hərəkət edir. Bu addım gəmilərin radar və açıq izləmə sistemlərində görünməsini çətinləşdirir. Buna baxmayaraq, “TankerTrackers” peyk görüntüləri vasitəsilə tankerlərin marşrutlarını müəyyən edə bilib.
Analitiklər bildirirlər ki, münaqişə başlayandan sonra İran neft ixracı üçün alternativ logistika yollarına üstünlük verməyə başlayıb. Bu marşrutlardan biri Hörmüz boğazının cənubunda, Oman körfəzində yerləşən “Cask” terminalıdır.
“Cask” limanı İranın boğazdan keçmədən dənizə çıxış imkanı verən nadir terminallardan biri hesab olunur. Lakin onun əsas çatışmazlığı logistik səmərəliliyin aşağı olmasıdır. “Cask” terminalında bir supertankerin doldurulması təxminən 10 gün çəkir. İranın əsas ixrac mərkəzi sayılan Xarq adasında isə bu proses təxminən 2 gün davam edir
Qeyd edək ki, son həftələrdə Hörmüz boğazında təhlükəsizlik vəziyyəti xeyli pisləşib. Məlumatlara görə, müharibənin başlamasından iki həftədən az müddətdə Tehran 10 xarici gəmiyə hücum edib və nəticədə 7 dənizçi həyatını itirib.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp tanker şirkətlərini boğazdan keçməkdən çəkinməməyə çağırıb. O bildirib ki, İranın dəniz qüvvələri ciddi zərbə alıb və ticarət gəmiləri üçün təhlükə minimaldır.
Lakin bu açıqlama son hadisələrlə ziddiyyət təşkil edir. Son məlumatlara görə, bu günlərdə boğazdan keçən bir yük gəmisi mərmi ilə vurulub, nəticədə heyət üzvləri gəmini tərk etmək məcburiyyətində qalıb.
Ekspertlərin fikrincə, Çin regional risklərdən yarana biləcək enerji şokunun qarşısını almaq üçün neft ehtiyatlarını sürətlə artırır. 2026-cı ilin ilk iki ayında Pekin neft idxalını 15,8% artırıb və strateji ehtiyatlarını 1,2 milyard barelə çatdırıb. Bu həcm ölkənin təxminən 3-4 aylıq enerji tələbatını ödəməyə kifayət edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz