FHN şadlıq sarayını bağladı – Video


Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;
- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top