ABŞ-də seçkiöncəsi vəziyyət: Seçicilərin Trampa inamı azalır


Məlum olduğu kimi, bu ilin noyabr ayının əvvəlində ABŞ-də ölkənin qanunverici orqanı olan Konqresin tərkibi müəyyənləşdirəcək və 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq 120-ci Konqres formalaşacaq.
Yeniavaz.com
xəbər verir ki, seçkilər zamanı Nümayəndələr Palatasının bütün 435 mandatı və Senatdakı 100 yerdən 35-i uğrunda səsvermə keçiriləcək. Qaliblər altı illik (Senat) və iki illik (Nümayəndələr Palatası) müddətə seçiləcəklər.
Qeyd edək ki, hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasında üstünlüyə malikdir. 2026-cı il seçkiləri ABŞ Prezidenti Donald Trampın 2024-cü ildə yenidən prezident seçilməsindən sonra keçirilən ilk aralıq seçkilər olacaq.
Analitiklərin fikrincə, seçkilərdə seçicilərin Tramp administrasiyasının iqtisadiyyat və miqrasiya siyasətinə münasibəti mühüm rol oynaya bilər. Son sorğular göstərir ki, seçicilərin bir hissəsi bu sahələrdə hökumətin fəaliyyətini tənqid edir.
ABŞ-də seçkilərə hazırlıq prosesində ştatlar üzrə ilkin partiya seçkiləri (praymerizlər) keçirilir. Bu proses 2026-cı ilin martından sentyabrın ortalarına qədər davam edəcək və hər partiyanın əsas namizədləri müəyyənləşdiriləcək.
Ekspertlər hesab edirlər ki, 2026-cı ilin aralıq seçkiləri ABŞ-da siyasi qüvvələr balansını dəyişə bilər. Bu seçkilərin nəticəsi yalnız Konqresin tərkibini deyil, həm də prezident administrasiyasının növbəti iki ildə həyata keçirə biləcəyi siyasəti müəyyən edəcək.
2026-cı ilin aralıq seçkiləri ilə bağlı aparılan son sorğulara görə, seçicilər arasında demokrat namizədlərə dəstək daha yüksəkdir. “Decision Desk HQ” sorğu şirkəri tərəfindən keçirilən sorğuda respondentlərin 45,1 faizi demokrat namizədə, 40,5 faizi isə respublikaçı namizədə səs verəcəyini bildirib.
“RealClearPolling”in müxtəlif sorğular üzrə orta göstəricisinə görə də demokratlar təxminən 47,2 faizlə respublikaçıların 42,8 faiz göstəricisini qabaqlayır.
Başqa bir sorğu şirkəri “Silver Bulletin”in sorğusunda isə demokratların üstünlüyü daha böyük olub – 48 faiz demokratları, 42,7 faiz respublikaçıları dəstəklədiyini bildirib.
Sorğular göstərir ki, qadın seçicilər arasında demokratlara dəstək daha yüksəkdir – 53 faiz, respublikaçılara isə 38 faiz. Kişi seçicilər arasında isə rəqabət daha yaxın görünür: 47 faiz respublikaçıları, 42 faiz demokratları dəstəkləyir.
2026-cı il seçkiləri 2024-cü ildə yenidən prezident seçilən Donald Tramp administrasiyasının ilk aralıq seçkiləri olacaq. Tarixi tendensiyalara görə, ABŞ-də prezidentin partiyası aralıq seçkilərdə tez-tez yerlər itirir. Buna görə də analitiklər bu seçkiləri Respublikaçılar üçün çətin sınaq kimi qiymətləndirirlər. Son məlumatlara görə, bəzi gənc seçicilər arasında hakim partiyaya dəstək zəifləyib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top