
“Bütün dünya bilməlidir ki, Türkiyə və ya Azərbaycanın hava məkanında yolunu və ya istiqamətini itirmiş heç bir raket və ya pilotsuz uçuş aparatı görmək, eşitmək ya da şahid olmaq istəmirik”.
Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında MHP lideri Dövlət Baxçalı deyib.
İrandan Türkiyə hava məkanına atılan raketlər barədə danışan MHP lideri Türkiyənin qonşuluq hüququnu qorumaq istədiyini bildirib.
“Türkiyə üzərində qumaq oynanacaq bir ölkə deyil. İran bunun təcavüz, təxribat və ya sui-qəsd olub-olmadığını aydınlaşdırmalıdır. Qəsdən edilən bir hərəkət olmadığına inanmaq və mehriban qonşuluq münasibətlərimizi qorumaq istəyirik. Bununla belə, Türkiyə ürəyi istəyənin istədiyi vaxt raket ata biləcəyi bir ölkə deyil”, - MHP lideri deyib.
“Türkiyə və Azərbaycan arasında nifaq salmağa çalışanları rədd edirik. Dolaşan böhtanları və geniş yayılan təxribatları rədd edirik. “Bir millət, iki dövlət” reallığı tarixin və mədəniyyətin müqəddəs nəticəsi və məsuliyyətidir. Həm sərhəd təhlükəsizliyimizi, həm də hava məkanı təhlükəsizliyimizi qorumağa borcluyuq. Dövlətimizin suveren hüquqlarına, millətimizin birliyinə və həmrəyliyinə qəsd etmək üçün uzanan hər hansı bir əli qırmağa qadirik”, - Baxçalı əlavə edib.
Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz