
ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə fonunda yüksək enerji qiymətlərini kompensasiya etmək üçün bəzi neft hasil edən ölkələrə qarşı tətbiq olunan sanksiyaları qismən ləğv etməyi planlaşdırdığı bildirib.
Yeniavaz.com “Al Jazeera” kanalına istinadən xəbər verir ki, bu addım qlobal bazarda vəziyyət sabitləşənə qədər qüvvədə olacaq.
“Biz müəyyən ölkələrə sanksiyalar tətbiq etmişik. Vəziyyət yaxşılaşana qədər bu sanksiyaları qaldıracağıq. Sonra isə kim bilir, bəlkə onları yenidən tətbiq etməyə belə ehtiyac olmayacaq”, – deyə ABŞ prezidenti bildirib.
Məlumata görə, qərarın əsas səbəbi enerji bazarında qiymətlərin kəskin artmasıdır. Bazar ertəsi günü xam neftin qiyməti bir barel üçün 120 dollara qədər yüksələrək qlobal bazarlarda ciddi narahatlıq yaradıb. Analitiklər bildirirlər ki, hazırda qiymətin təxminən 90 dollara enməsi məhz Trampın bu açıqlaması ilə əlaqədardır.
ABŞ prezidentinin hansı ölkələrin sanksiya güzəştlərindən yararlanacağını açıqlamadığı qeyd olunur. Bununla belə, Vaşinqtonun sanksiyaları altında olan Rusiyanın da siyahıya daxil edilə biləcəyi ehtimal olunur. Bu məlumatı “Reuters” agentliyinə danışan mənbələr təsdiqləyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz