
İranın Minab şəhərində qızlar məktəbinə edilən bombardmanda çox güman ki, ABŞ qüvvələri məsuliyyət daşıyır.
Yeniavaz.com xəbər verir ki, bu barədə istintaq materialları ilə tanış olan mənbə “CBS News”a məlumat verib.
Mənbənin sözlərinə görə, hücum nəticəsində təxminən 7-12 yaş arası 170 məktəbli qız və müəllim həyatını itirib. Bildirilib ki, zərbə qəsdən məktəbi hədəf almayıb və hadisə köhnəlmiş kəşfiyyat məlumatlarından istifadə olunması ilə bağlı ola bilər. Həmin məlumatlarda ərazi İranın hərbi bazasının bir hissəsi kimi göstərilib.
Daha əvvəl “Reuters” və “The New York Times” da mənbələrə istinadən ABŞ hərbi müstəntiqlərinin məktəbə hücumun Amerika qüvvələri tərəfindən törədilmiş ola biləcəyi qənaətinə gəldiyini yazmışdı.
“CBS News”a danışan iki mənbə qeyd edib ki, İsrail qüvvələri həmin ərazidə aktiv olmayıb. İsrail hökumətindəki bir mənbə də bu məlumatı təsdiqləyib.
Ağ Evin mətbuat katibi Anna Kelli isə bildirib ki, araşdırma hələ davam edir və hazırda yekun nəticə yoxdur.
Martın 7-də ABŞ Prezidenti Donald Tramp isə hadisə ilə bağlı fərqli mövqe səsləndirərək bombardmanın İran tərəfindən həyata keçirilmiş ola biləcəyini iddia edib.
ABŞ-nin müdafiə naziri Pit Heqset də “CBS News”a açıqlamasında araşdırmanın davam etdiyini deyib və əlavə şərh verməkdən çəkinib. Nazir qeyd edib ki, ABŞ mülki şəxsləri hədəf almır.
Minab şəhərindəki qızlar məktəbinə zərbə fevralın 28-də ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatın ilk günündə endirilib. Hadisənin əvvəlində 85 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayının 170-ə çatdığı açıqlanıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz