ABŞ və İsrail İrana xüsusi təyinatlıları göndərə bilər – Urana görə


ABŞ və İsrail İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə xüsusi təyinatlı qüvvələrin göndərilməsini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu, müharibədən sonrakı mərhələdə, hər iki ölkə İran ordusunun artıq ciddi təhlükə yaratmadığına əmin olduqdan sonra baş verə bilər.
Nəşr yazır ki, iki variant müzakirə olunub: İrandan zənginləşdirilmiş uranın tamamilə çıxarılması və ya nüvə mütəxəssislərinin onu zəiflətmək üçün dəvət edilməsi.
“İranın uran ehtiyatı ötən ilin iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra dağıntılar altında qalıb. ABŞ və İsrail rəsmiləri bildirirlər ki, o vaxtdan bəri iranlıların özləri ona çıxış əldə edə bilməyiblər. Mənbələrimiz nüvə yanacağının böyük hissəsinin İranın İsfahan şəhərindəki bir obyektdə yeraltı tunellərdə saxlanıldığını, qalan ehtiyatın isə Fordo və Nətənzdəki bunkerlər arasında səpələndiyini bildirirlər”, - nəşr yazır.
ABŞ rəsmilərinin məlumatına görə, İranın təxminən 440 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı var və bunun əksəriyyəti İsfahanda yerləşir. Zənginləşdirmə səviyyəsi 60 faizdir. Silah yaratmaq üçün bu səviyyə 90 faizə qədər artırılmalıdır.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevralda başlayıb. Zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei həlak olub və ölkənin hərbi və nüvə obyektlərinə ziyan dəyib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid Əravanın sözlərinə görə, əməliyyat başlayandan bəri İranda 1300-dən çox mülki şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top