
İranın Azərbaycanda planlaşdırdığı terror aktı cəhdinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb:
“Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran vətəndaşları - Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.
Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib”.
Ətraflı videomaterialda:
Tətbiqimizi yükləyə bilərsiniz