Mərkəzi Bank Mehdiyevlərə məxsus “Bank BTB” haqqında qərar verdi


Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Yeniavaz.com
xəbər verir ki, qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, “Bank BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Bildirilir ki, “Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top