
Xəbər verdiyimiz kimi, ötən gün İran ərazisindən Naxçıvana dron hücumları həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, mətbuatda İranın Naxçıvana hücum zamanı “Arash-2” dronlarından istifadə edildiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, kamikadze tipli sözügedən dron əsasən uzaq məsafədəki hədəflərə zərbə endirmək üçün tətbiq olunur. 2000 km-ə qədər uçuş məsafəsi olan bu dron 30 kiloqram partlayıcı daşıya bilir və havada 8,5 saat qala bilir.
“Arash-2” dronu ilk dəfə 2019-cu ildə təqdim edilib. İran ordusunun istifadəsinə isə təxminən 2020-ci ildən daxil edildiyi bildirilir. Bu model əvvəlki “Arash-1” kamikadze dronunun daha böyük və daha uzaqmənzilli versiyasıdır.
Qeyd edək ki, İranın hərbi arsenalında “Arash” seriyası ilə yanaşı “Əbabil”, “Hamasa”, “Kaman”, “Karrar”, “Kian”, “Meraj”, “Mohajer” və “Şahid” kimi müxtəlif döyüş və kəşfiyyat dronları da mövcuddur.

“Əbabil”
Bu seriyanın müxtəlif modelləri mövcuddur. Məsələn, “Əbabil-2” 1999-cu ildə istifadəyə verilib və təxminən 120 kilometr məsafəyə uça bilir. Daha yeni model olan “Əbabil-3” isə 100-250 kilometr uçuş məsafəsinə malikdir və idarə olunan bombalar daşıya bilir. 2022-ci ildə təqdim olunan “Əbabil-5” modelinin uçuş məsafəsi isə 480 kilometrə qədərdir.

“Hamasa”
İranın digər pilotsuz aparatlarından biri “Hamasa” dronudur. 2013-cü ildə təqdim edilən bu aparat həm kəşfiyyat, həm də döyüş tapşırıqları üçün istifadə olunur. Onun uçuş məsafəsi təxminən 200 kilometr, uçuş müddəti isə 11 saata qədərdir.

“Kaman”
Daha uzaq məsafəli uçuş üçün hazırlanmış dronlar arasında “Kaman” seriyası xüsusi yer tutur. 2019-cu ildə təqdim edilən “Kaman-12” modelinin uçuş məsafəsi 1000 kilometrdir və idarə olunan bombalar daşıya bilir. 2021-ci ildə təqdim olunan “Kaman-22” isə 3000 kilometrə qədər uçuş məsafəsinə malikdir və 300 kiloqrama qədər sursat daşıya bilir.

“Karrar”
İranın reaktiv pilotsuz aparatı sayılan “Karrar” dronu da döyüş və kəşfiyyat məqsədi ilə istifadə olunur. 2010-cu ildə təqdim edilən bu aparat 700-1000 kilometr məsafəyə uça bilir və müxtəlif tip bombalar və raketlərlə təchiz edilə bilir.

“Kian”
İranın arsenalında “Kian” və “Kian-2” dronları da yer alır. Bu modellər 2015 və 2019-cu illərdə təqdim edilib və əsasən kəşfiyyat və bombardman missiyaları üçün nəzərdə tutulub. Onların uçuş məsafəsi 1000-2000 kilometr arasında dəyişir.

“Meraj”
Son illərdə təqdim edilən daha kiçik ölçülü dronlardan biri isə “Meraj-521” modelidir. 2022-ci ildə təqdim edilən bu aparat əsasən kamikadze hücumları üçün nəzərdə tutulub və təxminən 5 kilometr məsafədə fəaliyyət göstərə bilir.

“Mohajer”
İranın dronlarından biri isə “Mohajer” seriyasıdır. Bu ailəyə daxil olan müxtəlif modellərin uçuş məsafəsi 50 kilometrdən 1800 kilometrə qədər dəyişir və onlar raketlər, idarə olunan bombalar və digər sursatlarla təchiz oluna bilir.

“Şahid”
Bundan başqa, İranın ən məşhur dronlarından biri “Şahid” seriyasıdır. Bu seriyaya daxil olan “Şahid -129”, “Şahid -136” və “Şahid -149 Qəzza” kimi modellər 1300-2500 kilometr məsafəyə uça bilir və həm kəşfiyyat, həm də döyüş məqsədləri üçün istifadə olunur. Bu dronların bəziləri kamikadze hücumları üçün nəzərdə tutulub və müxtəlif ölkələrə ixrac edildiyi bildirilir.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz