İranda Xameneinin varisinin təyinatı təxirə salındı – NYT


İran Ayətullah Əli Xameneinin ölümündən sonra yeni ali liderin təyinatını təxirə salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ali liderin varisinin təyinatının təxirə salınmasına səbəb təhlükəsizliklə bağlı məsələ olub.
Nəşr bildirib ki, qərar ABŞ və İsrailin ölkənin yeni liderinin də hədəfə çevrilə biləcəyi ilə bağlı açıqlamalarından sonra verilib.
İran Liderliyi üzrə Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Möhsün Qumi martın 5-də ölkənin yeni ali liderinin seçilməsi prosesinin son mərhələdə olduğunu elan edib.
O, prosedurun konstitusiyaya və şuranın daxili qaydalarına uyğun olaraq həyata keçirildiyini bildirib.
“The New York Times” (NYT) qəzeti dünən mənbələrə istinadla xəbər verib ki, ABŞ - İsrail hərbi əməliyyatında öldürülən İranın Ali Lideri Əli Xameneinin oğlu Müctəba Xamenei atasının xələfi olmaq üçün əsas namizəd hesab edilir.
Qəzet qeyd edib ki, Müctəba Xameneinin mümkün seçilməsi İranın hakim elitasının radikallaşmasını göstərəcək və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri getdikcə daha çox hakimiyyətə gələcək.
Digər tərəfdən, İsrail müdafiə naziri İsrael Katz İranın növbəti ali liderini sui-qəsdin açıq hədəfi adlandırıb. O, əlavə edib ki, İsrail Müdafiə Qüvvələrinə (İDF) Əli Xameneinin varisini məhv etməyə hazırlaşmaq barədə göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top