
Prezident İlham Əliyev Milli Məclis tərəfindən “İnvestisiya fəaliyyəti haqqında” Qanununa edilən dəyişikliyi təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, “İnvestisiya fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilib:
1. 13.1-ci maddəyə “üçün” sözündən sonra “, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə” sözləri əlavə edilsin.
2. 13.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik olan investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investordan alınması ayrı-seçkilik hesab edilmir.”.
3. 13.3-cü maddədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılsın.
4. 13.4-cü maddədə “maddəsinə uyğun olaraq ödəniləcək kompensasiya” sözləri “maddəsində nəzərdə tutulan kompensasiya investisiya müqaviləsində müəyyən edilmiş qaydada, belə qayda olmadıqda isə” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 13.5-ci maddə əlavə edilsin:
“13.5. Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilir.”.
Tətbiqimizi yükləyə bilərsiniz