
ABŞ–İran münaqişəsi səbəbindən Yaxın Şərqdə bir sıra ölkələrin hava məkanını bağlaması uçuşların monitorinqi platformalarına marağı kəskin artırıb.
Yeniavaz.com xəbər verir ki, müharibə səbəbindən minlərlə uçuş ləğv edilib, təxirə salınıb və ya marşrutunu dəyişdirib.
Adətən aviasiya həvəskarlarının istifadə etdiyi uçuş izləmə saytları – “Flightradar24” və “FlightAware” böhran dövrlərində geniş internet auditoriyasının diqqət mərkəzinə düşür.
Fevralın 28-də İrana hücum başladıqdan sonra yüzminlərlə istifadəçi bağlı hava məkanını tərk edən təyyarələrin hərəkətini onlayn izləyib. Marağın daha da artdığı gün isə martın 2-si olub. Həmin gün Birləşmiş Ərəb Əmirliklərindən sərnişinlərin təxliyəsi başlayarkən təxminən 140 min nəfər Dubay–Mumbay reysi üzrə bir uçuşu canlı izləyib.
İnternet istifadəçiləri həmçinin Asiya Çempionlar Liqası oyunlarının müharibə səbəbilə dayandırılmasından sonra portuqaliyalı futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanından İspaniyaya uçuşunu da izləyiblər.
“Flightradar24” platformasının məlumatına görə, 28 fevraldan etibarən saytın trafiki həftə ərzində 100% artıb, son üç gün ərzində isə 25 milyon istifadəçi uçuşları izləyib.
Uçuş monitorinqi necə işləyir?
Uçuşların izlənməsi əsasən ADS-B (Avtomatik Asılı Nəzarət-Yayım) texnologiyasına əsaslanır. Kommersiya təyyarələrinin böyük əksəriyyəti bu sistemlə təchiz edilmiş transponderlər vasitəsilə öz mövqeləri barədə siqnallar göndərir.
Bu siqnallar yerüstü qəbuledicilər tərəfindən qəbul edilir və daha sonra “Flightradar24”, “FlightAware” və digər monitorinq platformalarının şəbəkəsinə ötürülür. Dünyada ən geniş şəbəkələrdən birinə malik “Flightradar24”ün qlobal miqyasda təxminən 50 min qəbuledicisi var.
Bundan əlavə, uçuşların izlənməsi üçün ADS-B peyklərindən də istifadə olunur ki, bu da xüsusilə okean üzərindən uçuşlar zamanı faydalıdır.
Köhnə transponderli təyyarələr üçün isə MLAT (Multilaterasiya) sistemi tətbiq edilir. Bu metod bir neçə qəbuledicinin eyni siqnalı qəbul etməsi arasındakı vaxt fərqini ölçərək təyyarənin mövqeyini müəyyən edir.
Münaqişə zonalarında uçuş monitorinqinin dəqiqliyinə təsir edən əsas amillərdən biri GPS tıxanması (jamming) və GPS saxtakarlığı (spoofing) hesab olunur.
Bu zaman xüsusi cihazlar GPS-in işlədiyi tezlikdə siqnallar yayaraq real siqnalın qəbulunu çətinləşdirir və ya obyektin yerini fərqli göstərir. “Flightradar24” bildirir ki, münaqişə başlayandan sonra Yaxın Şərqdə belə müdaxilələrin sayı artıb.
Nəticədə bəzi hallarda uçuşların xəritədə ziqzaq, dairəvi və ya qeyri-adi marşrutlar üzrə hərəkət etdiyi görünə bilər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz