Putin Rusiya qazının Avropaya tədarükünün dayandırılmasına icazə verib


Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının Avropaya tədarükünün dərhal dayandırılması imkanını gündəmə gətirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Putin bu açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşdən sonra verib. Rusiya prezidenti bildirib ki, Avropa İttifaqı yaxın bir ay ərzində mayeləşdirilmiş təbii qaz da daxil olmaqla Rusiya qazının alışını məhdudlaşdırmağı və daha sonra tədarükə tam qadağa qoymağı planlaşdırır.
Putin qeyd edib ki, belə bir şəraitdə Moskva digər bazarlara yönəlməyi nəzərdən keçirə bilər. Onun sözlərinə görə, əgər Avropa yaxın aylarda Rusiya qazından tam imtina edəcəksə, tədarükün indidən dayandırılması və etibarlı tərəfdaş ölkələrə yönəldilməsi variantı müzakirə oluna bilər.
“Əgər bir-iki ay ərzində bazar bağlanacaqsa, bəlkə də indidən dayanıb etibarlı tərəfdaş olan ölkələrə keçmək daha məqsədəuyğundur. Hökumətə bu məsələ ilə bağlı şirkətlərlə işləməyi tapşıracağam”, – deyə Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, Moskva həmişə etibarlı enerji təchizatçısı olub və Slovakiya ilə Macarıstanı qazla təmin etməyə davam edəcək. Onun sözlərinə görə, Avropa bazarında qazın qiymətinin 700 dollara qədər yüksəlməsi Avropa ölkələrinin “səhv enerji siyasətinin” nəticəsidir.
Putin həmçinin Aralıq dənizində Rusiya qaz tankerinə edilən hücumu terror aktı kimi qiymətləndirib. O iddia edib ki, Ukrayna hakimiyyəti Qərb kəşfiyyat orqanlarının dəstəyi ilə “Mavi Axın” və “Türk Axını” qaz kəməri infrastrukturuna qarşı mümkün diversiya planlaşdırır.
Bundan başqa, Rusiyanın Nəqliyyat Nazirliyi Malta yaxınlığında Rusiyaya məxsus mayeləşdirilmiş təbii qaz tankeri “Arctic Metagas”a pilotsuz qayıqla hücum edildiyini bildirib. Məlumata görə, gəmidə olan 30 nəfərlik heyətin hamısı xilas edilib və hadisə zamanı yük beynəlxalq təhlükəsizlik qaydalarına uyğun şəkildə qorunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top