Əsas varis və ya “mini ali lider” – Müctəba Xamenei kimdir?


ABŞ və İsrailin hücumları nəticəsində ölən İranın sabiq Ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei İranın Ali dini lideri vəzifəsinə əsas namizəddir.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, o, İranın elit hərbi birləşməsi hesab olunan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələrə malikdir.
Bildirilir ki, o, həmçinin bu müddətdə fəaliyyətinin əhəmiyyətli bir hissəsini ruhani hakimiyyətdə təsir dairəsi yaratmağa sərf edib.

Kimdir?
Müctəba Xamenei 1969-cu ildə Məşhəd şəhərində anadan olub və atası şaha qarşı müxalifətə rəhbərlik edərkən böyüyüb. Gənc yaşlarında İran-İraq müharibəsində xidmət edib.
Müctəba İranın şiə teoloji öyrənmə mərkəzi olan Qum seminariyalarında dini mühafizəkarların yanında təhsil alıb və Höccətülislam ruhani rütbəsinə malikdir.
O, atasının davamçısı kimi geniş şəkildə qəbul edilməsinə baxmayaraq, İslam Respublikası hökumətində heç vaxt rəsmi vəzifə tutmayıb. Müxtəlif vaxtlarda loyal mitinqlərdə nitq söyləsə də, nadir hallarda ictimaiyyət qarşısında çıxış edib.
Onun rolu uzun müddətdir ki, İranda mübahisələrə səbəb olub. Belə ki, tənqidçilər 1979-cu ildə ABŞ tərəfindən dəstəklənən monarxın devrildiyi ölkədə sülalə siyasətinin hər hansı bir işarəsini rədd edirlər.
ABŞ Maliyyə Nazirliyi 2019-cu ildə Müctəbaya qarşı sanksiyalar tətbiq etmiş və onun atasının ofisində işləməkdən başqa, heç vaxt seçilməməsinə və ya hökumət vəzifəsinə təyin olunmamasına baxmayaraq, ali lideri rəsmi şəkildə təmsil etdiyini bildirmişdi.
Bəzi iddialara görə, Xamenei, hələ sağ ikən, bəzi vəzifələrini Müctəbaya həvalə edib. Müctəbanın SEPAH-ın Qüds Qüvvələrinin komandiri və dini milis olan Bəsic ilə sıx əməkdaşlıq edərək atasın qeyri-sabit regional ambisiyalarını və “daxili zülmkar məqsədlərini” irəli apardığı bildirilir.
Oğul Xamenei İslam Respublikasının sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs olunan gənc bir qadının 2022-ci ildə polis nəzarətində ölümü ilə bağlı iğtişaşlar zamanı etirazçılar tərəfindən xüsusilə tənqid hədəfi olmuşdu.
2024-cü ildə onun Qumda tədris etdiyi İslam fiqhi dərslərinin dayandırıldığını elan etdiyi bir video geniş yayılmış və bu, səbəblər barədə şayiələrə səbəb olmuşdu.
“Müctəba atasına çox oxşayır və seyid qara çalması taxır ki, bununla da o, ailəsinin Məhəmməd Peyğəmbərin nəslindən gəldiyini göstərməyə çalışır”, - “Reuters” yazır.
Tənqidçilər deyirlər ki, Müctəba ali lider olmaq üçün ruhani etimadnaməsinə malik deyil. Belə ki, Höccətülislam atası və İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin tutduğu Ayətullah rütbəsindən bir pillə aşağıdır.
Lakin onun bu vəzifəyə iddiası, xüsusilə, digər əsas namizəd, keçmiş prezident İbrahim Rəisinin 2024-cü ildə vertolyot qəzasında həlak olmasından sonra daha da artıb.
Müctəba Xameneinin, həmçinin 2005-ci ildə prezident seçilən mühafizəkar Mahmud Əhmədinejadın qəfil yüksəlişinin arxasında durduğuna inanılır.
O,2009-cu ildə mübahisəli seçkilərdə ikinci müddətə qalib gələn Əhmədinejadı dəstəkləyib. Bu seçkilər hökumət əleyhinə etirazlarla nəticələnib və etirazlar Bəsic və digər təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla yatırılıb.
Seçkilərdə iştirak edən mötədil ruhani Mehdi Kərrubi o zaman ata Xameneiyə məktub yazaraq Müctəbanın Əhmədinejadı dəstəkləməkdəki roluna etiraz etmişdi. Xamenei isə ittihamları rədd etmişdi.
Şənbə günü hava hücumlarında həlak olan Müctəbanın həyat yoldaşı tanınmış mühafizəkar, keçmiş parlament spikeri Qulaməli Haddadadelin qızı idi.

Potensial varis və ya “mini ali lider”
İki İran mənbəsi nəşrə bildirib ki, 56 yaşlı Müctəba Xamenei ABŞ və İsrailin hava hücumlarından sağ çıxıb və atasının potensial varisi kimi qəbul edilir.
“Güclü orta rütbəli ruhani olan Müctəba, hər zaman İranın nüvə proqramını məhdudlaşdırmağa çalışan Qərblə əlaqə qurmağın tərəfdarı olan islahatçılara qarşı çıxıb.
Məsələ ilə tanış mənbələrin verdiyi məlumata görə, SEPAH ilə yaxın əlaqələri ona İranın siyasi və təhlükəsizlik aparatında əlavə təsir imkanı verir və atasının “davamçısı” kimi pərdəarxası təsir gücünü artırır.
ABŞ-də yerləşən siyasi təşkilat olan Nüvə İranına Qarşı Birlik təşkilatının SEPAH-ın tədqiqat rəhbəri Kəsra Ərəbi bildirib ki, Müctəba Xameneinin SEPAH daxilində, xüsusən də gənc radikal nəsillər arasında güclü seçici kütləsi və dəstəyi var:
“Beləliklə, əgər Müctəba sağdırsa, atasının varisi olma ehtimalı yüksəkdir”.
O, Müctəba Xameneinin artıq “mini ali lider” kimi fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, Ekspertlər Şurasının üzvü Ayətullah Əhməd Xatəmi çərşənbə günü dövlət televiziyasına namizədlərin adını çəkmədən bildirib ki, yeni lideri seçəcək Şura prosesdə sona yaxınlaşır və qərarını tezliklə açıqlayacaq.
“Ali lider xarici siyasət və İranın nüvə proqramı da daxil olmaqla dövlət məsələlərində son sözü deyir. Qərb gücləri Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq istədiklərini bildirirlər. İran isə nüvə proqramının yalnız mülki məqsədlər üçün olduğunu müdafiə edir”, - nəşr yazır.
Xatırladaq ki, daha əvvəl İran mətbuatında M. Xameneinin yeni Ali lider seçilməsi barədə məlumat yayılıb. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.

DİGƏR XƏBƏRLƏR

Top