Şəxsi məlumatları “Google”dan necə silmək olar?


Məlum olduğu kimi, dünyada bir çox şirkət və məlumat brokerləri insanların telefon nömrələrini, ev ünvanlarını və e-poçtlarını toplayaraq ucuz qiymətə satırlar.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatlar çox vaxt bezdirici reklam zəngləri, kiber-fırıldaqçılıq və ya şəxsi həyata müdaxilə məqsədilə istifadə olunur.
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan “Google” bu problemin qarşısını almaq üçün “Results About You” (“Sizin haqqınızda nəticələr”) adlı pulsuz xidmət təqdim edir.
Bu xidmət avtomatik olaraq adınızı, e-poçt ünvanınızı və telefon nömrənizi axtarış bazasında izləyir. Əgər şəxsi məlumatlarınız hər hansı bir saytda peyda olarsa, “Google” sizə dərhal bildiriş göndərir. Siz həmin məlumatın axtarış nəticələrindən yox olmasını bir toxunuşla tələb edə bilərsiniz.
Qeyd edək ki, ABŞ-də bu xidmətdən daha geniş istifadə olunur. Çünki, orada pasport və sürücülük vəsiqəsi məlumatlarını da izləmək mümkündür.
Məlumat üçün bildirək ki, xidmətdən istifadə üçün mütləq “Google” hesabı lazımdır. Sistem sizin qeydiyyatdan keçmiş və təsdiqlənmiş məlumatlarınızla axtarışdakı nəticələri müqayisə edir. Əgər yeni bir nömrəni izləməyə əlavə etmək istəsəniz, “Google” həmin nömrəyə SMS vasitəsilə təsdiq kodu göndərərək onun sahibi olduğunuzu yoxlayır.
“Google” bildirir ki, sizin bu xidmətə təqdim etdiyiniz məlumatlar yalnız monitorinq üçün istifadə olunur və yüksək təhlükəsizlik protokolları ilə qorunur.
Onu da bildirək ki, “Google” məlumatı həmin yerləşdirildiyi vebsaytdan silmir, sadəcə axtarış nəticələrindən çıxarır. Eyni zamanda, hökumət portallarında, rəsmi dövlət arxivlərində və ya xəbər saytlarında olan məlumatlar “ictimai əhəmiyyətli” sayıldığı üçün bunlar silinmir. Belə məlumatlar axtarış sistemlərində qalmağa davam edir.
Hazırda “Results About You” xidməti daha çox mətn əsaslı məlumatları (ad, nömrə, ünvan) izləməkdə daha güclüdür. Lakin “Google” artıq bu alətə vizual axtarış texnologiyalarını (“Google Lens” kimi) inteqrasiya edir ki, gələcəkdə sizin üzünüzün olduğu fotoları da avtomatik aşkarlayıb sizə xəbər verə biləcək.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top