
İrandan buraxılan və İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına doğru istiqamətləndiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata görə, Hatay vilayətinin Dörtyol rayonuna düşən sursat fraqmentinin havada təhlükəni dəf edən hava hücumundan müdafiə sisteminə aid olduğu müəyyən edilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bəyanatda Türkiyənin regional sabitliyə və sülhə sadiqliyi qeyd olunaraq, ordunun ölkənin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək iradəsinin və qabiliyyətinin ən yüksək səviyyədə olduğu bildirilib.
“Biz kimdən və haradan gəlməsindən asılı olmayaraq, torpağımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. Hava məkanımızı qorumaq üçün bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Sizə xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”, - nazirliyin bəyanatında qeyd edilib.
Bəyanatda həmçinin, bütün tərəflər münaqişəni daha da gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırılıb və bu kontekstdə NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyi qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz